Azərbaycanda ilk dəfə Startaplar Müsabiqəsi başlayır
Bazarlardakı mövcud şərtlər və gələcək perspektivlərə əmin olmayan iş adamlarını mənfəətin dərhal əldə edilməsinə vadar edən reallıqların yaşandığı müasir dövrdə İnfipro İnc. şirkətinin fəaliyyəti müsbət mənada təəccüb hissi yaradır. Bazarda özünü sübut etməyə müvəffəq olan bu biznes qurumu (şirkətin layihələri və fəaliyyəti haqda məlumatı http://infipro.az saytından əldə etmək olar) Azərbaycan bazarında bilavasitə vençur maliyyələşdirmə ilə, başqa sözlə, innovasiya layihələrinə uzunmüddətli və yüksəkriskli investisiyalar ilə məşğul olan ilk şirkətdir.
Bu xüsusda İnfipro İnc. şirkətinin icraçı direktoru Eldar Abbasov aşağıdakıları bildirir: “Şirkətimiz istedadlı və yaradıcı insanlara planlarını həyata keçirmək və arzularını yerinə yetirmək üçün imkanlar yaradır. Biz perspektivdə proqressiv və sürətli artım və mənfəət göstəricilərinə malik olan maraqlı və innovasiya xarakterli startapları, ideya və ya məhsulları kəşf edirik”.
Baku Startup Competition 2012 müsabiqəsinin başlanğıcında dayanan məhz İnfipro İnc. şirkəti olmuşdur. Sözügedən müsabiqə çərçivəsində namizədlər öz biznes layihələrini ideyanın ilkin sınaq mərhələsində və ya artıq istehsalına başlanmış məhsul səviyyəsində təqdim etmə imkanına malikdirlər və qalib gəldikləri təqdirdə 10 000-dən 100 000 AZN məbləğinə qədər investisiyalar əldə edilməsindən əmin ola bilərlər.
Əhəmiyyət kəsb edən fakt bundan ibarətdir ki, ideyalarını satışa çıxaran müsabiqənin potensial qalibləri həm biznes ortağı olaraq qalır, həm də investor şirkət ilə tərəfdaşlıq əlaqələri qururlar.
E.Abbasov sözlərinə davam edərək qeyd edir ki, “biz müsabiqə üçün bir neçə kateqoriya seçdik. Bunlar internet ticarəti, oyunlar, proqram təminatı və sosial şəbəkələr ilə məhdudlaşmayan sosial kateqoriyadan ibarətdir”.
İnvestor şirkət risklərin mühüm, xüsusilə maliyyə hissəsini öz üzərinə götürdüyündən namizədlərdən gələcək layihə haqda dəqiq təsəvvür və işə tam şəkildə cəlb olunma tələb edilir.
İnfipro İnc. şirkətinin investisiyalar üzrə meneceri Leyla Rəhimovanın sözlərinə görə, təqdim edilməsi zəruri olan əsas məlumatdan başqa (fəaliyyətin mühüm istiqamətləri, xidmət və ya məhsulun müfəssəl təsviri, nəzərdə tutulmuş xərclərin strukturu) namizədlər öz biznes layihələrini inandırıcı və sadə şəkildə təqdim etməlidirlər.
“Bəzən yaxşı ideyalar zəif təqdimat səbəbindən investorların diqqətindən kənarda qalır. Buna yol verməmək üçün namizədlər öz ideyalarını yüksək səviyyədə təqdim etməli, özləri və komandaları haqqında danışmağı bacarmalı, biznes-plan hazırlamalı, məhsulun rəqabət qabiliyyətini və məqsədli auditoriyanı dərk etməlidirlər”.
Müsabiqənin təsisçiləri tərəfindən biznesin inkişaf perspektivləri və qoyulmuş məqsədlərdən asılı olaraq mərhələli maliyyələşdirmə imkanı da nəzərdən keçirilir. Həmçinin, namizədlə İnfipro İnc. arasında müəllif hüquqlarının qorunması məqsədilə yayılmama haqqında müqavilə imzalanacaqdır. Digər məsələlərdə isə müsabiqə və onun nəticələri tamamilə şəffaf tədbir kimi nəzərdə tutulub. Qaliblər və onların məhsulları barədə məlumat mətbuatda və şirkətin saytında əks olunacaqdır.
Ərizələrin qəbulu 25 dekabr 2012-ci il tarixinə qədər davam edəcəkdir. Bunun üçün www.infipro.az/bsc2012 saytında qeydiyyatdan keçmək və ərizə formasını doldurmaq lazımdır. Əlavə məlumat almaq məqsədilə investment@infipro.az ünvanına müraciət etmək olar. Təqdimatların nəzərdən keçirilməsinin yekunlarına görə üç finalçı müəyyən olunacaq və gələn ilin əvvəlində artıq Baku Startup Competition 2012 müsabiqəsinin qalibi elan ediləcəkdir.
Hal-hazırda dünyada böyük sayda startap müsabiqələri keçirilməkdə və startaplardan bəziləri çoxmilyonlu layihələrə çevrilməkdədir. Skype vasitəsilə zənglər, Twitter və Facebook-da qeydlər, YouTube-da çarxların seyr edilməsi – bütün bunlar gündəlik həyatın ayrılmaz bir hissəsi olmuşdur. Çox vaxt bunlardan bəzilərinin təsadüfi və ya hadisələrin cərəyanı nəticəsində meydana gəlməsinə baxmayaraq, hər biri müəyyən ideya əsasında yaranmışdır. Məhz ideyanın mövcudluğu Azərbaycan sahibkarlarına öz fikirlərini müvəffəqiyyətlə təqdim etmək və investorları istehsal etdikləri məhsulun gərəkli olduğuna inandırmaq üçün imkan verir. Azərbaycan internet layihələrinin son illərdə aktiv inkişafına baxmayaraq, bu seqment hələ ki, rüşeym vəziyyətində olaraq qalır. Bu səbəbdən İnfipro İnc. şirkətinin təşəbbüsü və bu şirkət tərəfindən təsis edilmiş Baku Startup Competition 2012 müsabiqəsi həm bazarın inkişafı, həm də seçilmiş layihələrin həyata keçirilməsinə mühüm dəstək olacaqdır.
Bu müsabiqəyə təşkilatı dəstək dünyada tanınmış kompaniyalardan biri olan Microsoft şirkəti tərəfindən həyata keçirilir.
http://www.milli.az/news/economy/150428.html
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!